Dövlət İmtahan Mərkəzinin əməkdaşları Xanlar Xanlarzadə və Röyal Qulusoy ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Böyük Qafqaz dağ silsiləsinin Qızılqaya massivində yerləşən Heydər Əliyev zirvəsinə yürüş ediblər.
İştirakçılar təcrübəli bələdçilərin müşayiəti ilə zirvə düşərgəsindən start götürərək çətin relyefə malik daşlıq ərazidən keçməklə saat 07:04-də dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinə qalxıblar.
Zirvədə ulu öndərin xatirəsi ehtiramla yad edilərək ümummilli liderin barelyefinin qarşısında Azərbaycanın Dövlət Bayrağı, üzərində “Heydər Əliyev – 101” və Dövlət İmtahan Mərkəzinin loqosu əks olunmuş plakat ucaldılıb.