16 – 18 sentyabr 2025-ci il tarixlərində Böyük Britaniyanın Edinburq şəhərində “MoodleMoot Global 2025” adlı beynəlxalq konfransı keçirilib. Konfransda Dövlət İmtahan Mərkəzini (DİM) E-İmtahanlar və müsahibələrin təşkili departamentinin müdiri Vüsal Həmidov, İmtahanların təşkilinə texnologiya və innovasiyaların tətbiqi sektorunun müdiri İlqar Cəfərov və Test bankı şöbəsinin böyük məsləhətçisi Ükər Uluxanova Rüstəmova təmsil ediblər.
Dünyanın aparıcı universitetləri və şirkətlərin iştirak etdiyi konfransda rəqəmsal təhsilin inkişaf yolu, mövcud vəziyyəti və gələcək prioritet istiqamətlər müzakirə olunub.
Konfransın açılışını Moodle HQ-nun baş icraçı direktoru Scott Anderberg edib və platformanın yeni inkişaf strategiyasını təqdim edib. Ən çox maraq doğuran sessiyalardan biri isə Moodle-un yaradıcısı və tədqiqat rəhbəri Martin Dougiamas tərəfindən keçirilən “Moodle and AI” vörkşopu olub. Eyni zamanda, süni intellektin testlərdə, qiymətləndirmə sistemlərində və məlumat bazalarında tətbiqi üzrə ən son imkanlar nümayiş etdirilib.
Konfrans çərçivəsində iştirakçılar elektron imtahanlarla bağlı fəaliyyət göstərən qabaqcıl şirkətlərin yeni texnologiyaları ilə tanış olub, işgüzar əlaqələr və gələcək əməkdaşlıq imkanları müzakirə ediblər.