21 oktyabr 2025-ci il tarixində 49 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 114 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Daxili müsahibə elan edilən vəzifələrin 2-si inzibati vəzifələrin dördüncü təsnifatına, 30-u beşinci təsnifatına, 14-ü altıncı təsnifatına və 68-i yeddinci təsnifatına aiddir. Qeyd edək ki, daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (13 vəzifə) tərəfindən təqdim olunub.
Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 12-si Naxçıvan Muxtar Respublikasının 8 dövlət orqanı, 53-ü isə 26 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:
- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 21 oktyabr 2025-ci il tarixindən 4 noyabr 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.