10 mart 2025-ci il tarixində DİM-in Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamentinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Akif Bayramov və həmin sektorun böyük məsləhətçisi Röyal Şərifov tərəfindən “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” və “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi” mövzularında təqdimatlar edilib. Həmçinin “Dövlət qulluğu - Vəzifələrin İdarə Edilməsi Sistemi” və “Dövlət qulluğu - Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”ndən istifadə ilə bağlı iştirakçılara təlim keçirilib.
Təlimdə müxtəlif dövlət orqanlarının müəyyən etdiyi məsul şəxslər iştirak edib.
Təlim iştirakçılarına inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, ehtiyat kadrların formalaşdırılması qaydaları, analoji vəzifələrin müəyyən edilməsi, ehtiyat kadrların analoji vakant vəzifələrə təyin edilməsi, habelə müvafiq informasiya sistemlərindən istifadə qaydaları və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.
Təlimin sonunda mövzu ilə bağlı müzakirə aparılıb və iştirakçıların sualları cavablandırılıb.