Məlum olduğu kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti hər ilin sonunda qiymətləndirilir. Qiymətləndirilmənin nəticəsinə uyğun olaraq inzibati vəzifə tutan dövlət qulluqçusunun mükafatlandırılması, dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi, dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəb edilməsi, dövlət qulluqçusunun bilik və bacarıqlarına uyğun olaraq digər analoji vəzifəyə keçirilməsi və ya onun aşağı vəzifəyə keçirilməsi nəzərdə tutulmuşdur. Qiymətləndirilmənin obyektiv və qaydalara uyğun olaraq düzgün aparılmasında bilavasitə rəhbər və dövlət orqanlarının insan resursları bölmələri (kadr məsələləri üzrə məsul şəxs) əhəmiyyətli rola malikdir.
Dövlət İmtahan Mərkəzi dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması və bu sahədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsini daim diqqətdə saxlayır. Qeyd edilənlərə əsasən, 2023-cü il 25 və 27 dekabr tarixlərində mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları, məhkəmə orqanları, yerli icra hakimiyyəti orqanlarının aidiyyəti şöbələrinin müdirləri və kadr məsələləri üzrə məsul şəxslərinin iştirakı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsi” mövzusunda görüş təşkil edilib.
Tədbirdə 132 dövlət qulluqçusu iştirak edib.
Görüşdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.