İngilis dili fənni üzrə seminarda ümumtəhsil müəssisələrində qüvvədə olan 9-cu sinif “English”, kimya fənni üzrə seminarda 9‑cu sinif “Kimya”, rus dili fənni üzrə seminarda 7-ci sinif “Русский язык”, biologiya fənni üzrə seminarda 9-cu sinif “Biologiya”, tarix fənni üzrə seminarda 9 və 11-ci siniflər üçün “Ümumi tarix” və coğrafiya fənni üzrə seminarda 9-cu sinif “Coğrafiya” dərslikləri məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib. Hazırlanacaq tövsiyələr xidməti istifadə üçün müvafiq şöbələrə təqdim ediləcək.
Ədəbiyyat fənni üzrə seminarda 7 iyul 2019-cu il tarixdə III ixtisas qrupu üzrə, riyaziyyat fənni üzrə seminarda isə 23 iyun 2019-cu il tarixində I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili aparılıb.
Hər bir tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi, fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu baxımından təhlili aparılıb. Təhlil göstərib ki, tapşırıqlar abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Həmçinin tapşırıqlar məzmun standartlarının təlim nəticələrinə uyğun olub.
Fizika fənni üzrə seminarda ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin statistik göstəricilərinə görə abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyə müzakirə edilib.
Müzakirələr zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. Həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyələr hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.
Seminarlarda Bakı, Xırdalan, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Seminarlarda öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.