2024-cü ilin gənclər paytaxtı Lənkəranda 30 aprel tarixində Lənkəran Dövlət Universitetində tələbə və gənclərin iştirakı ilə “Gənclərin dövlət qulluğu sahəsində biliklərinin artırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üzrə Strategiya”nın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi, dövlət qulluğunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə gənclərin maarifləndirməsi və onların dövlət qulluğuna marağının artırılması məqsədilə keçirilib.
Tədbirdə Lənkəran Dövlət Universitetinin Sosial məsələlər üzrə prorektor vəzifəsini icra edən dosent Ramiz Şəmmədov, Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov, Gənclər və İdman Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin Dövlət qulluğu sektorunun müdiri Ağahüseyn Hüseynov, nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin İnsan resursları sektorunun müdiri Şahmar Tağıyev, tələbə və gənclər iştirak ediblər.
Ramiz Şəmmədov maarifləndirmə tədbirinin önəmindən danışaraq qeyd edib ki, bu tədbir gənclərin dövlət qulluğuna marağının artırılmasına və onların uğurlu karyera qurmalarına dəstəkdir.
Ağahüseyn Hüseynov nazirliyin aparatında və strukturuna daxil olan qurumlarda dövlət qulluğu vəzifələri və həmin vəzifələrin tutulması şərtləri, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən gənclərin dövlət qulluğuna qəbulu istiqamətində görülən işlər barədə məlumat verib.
Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Elnur Abbasov dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti, dövlət qulluğu sahəsində elektron xidmətlər, dövlət qulluqçusu anlayışı, dövlət qulluqçusunun əsas vəzifələri və hüquqları, dövlət qulluqçuları üçün təminatlar, qulluqda fəaliyyətin davam etdirilməsi şərtləri, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi istiqamətində görülən işlər haqqında geniş məlumat verib.
Şahmar Tağıyev isə gənclərin dövlət qulluğuna marağının artırılmasının gənc nəslin qüvvəsini, bilik və bacarığını dövlət quruculuğuna yönəldilməsində əhəmiyyətini vurğulayıb.
Daha sonra tədbirdə tələbə və gəncləri maraqlandıran suallar cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb və maarifləndirici çap materialları paylanılıb.
Tədbirdə 250 nəfər tələbə və gənc iştirak edib.