Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə isə müəllim vəzifələri üzrə müsabiqənin test mərhələsindən uğurla keçmiş namizədlər müvafiq qaydalara uyğun olaraq müsahibə mərhələsində iştirak etməlidirlər.
Direktor və direktor müavini vəzifələri üzrə müsahibədə ali ixtisas təhsilli, müəllim vəzifələri üzrə müsahibədə isə orta ixtisas və ya ali təhsilin müvafiq ixtisaslarını bitirmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Direktor vəzifəsinə iddia edən namizədlər 5 ildən az olmayaraq, direktor müavini vəzifəsinə iddia edən namizədlər isə 3 ildən az olmayaraq ümumi pedaqoji iş stajına malik olmalıdırlar.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 31.07.2026-cı il tarixli 3-24/3-1-f-164/2026 nömrəli əmri ilə təsdiq edilmiş incəsənət (musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq və s.) məktəb və mərkəzlərinə direktorların və direktor müavinlərinin, müəllimlərin işə qəbulunun ümumi qaydaları, müvafiq vakansiya üzrə müsahibədə iştirak etmək üçün keçid balı ilə namizədlər göstərilən keçidlərə daxil olmaqla tanış ola bilərlər.
Müsahibədə iştirak etmək üçün namizədlərin qeydiyyatı 11 sentyabr 2026-cı il tarixindən 25 sentyabr 2026-cı il saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytı vasitəsilə aparılacaq. Müsahibələrin 2026-cı il ilin oktyabr ayından etibarən keçirilməsi nəzərdə tutulur.
Namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərindən istifadə etməklə müvafiq onlayn qeydiyyat xidməti vasitəsilə müsahibəyə müraciət etməlidirlər. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat https://epayment.dim.gov.az/ saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra qeydiyyatdan keçmək lazımdır.
Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlər müsahibənin keçirilməsinə azı 5 (beş) gün qalmış qeydiyyatdan keçdikləri səhifədən məlumat ala biləcəklər.
Namizədin bilik səviyyəsi və bacarıqları müvafiq müsahibə proqramı əsasında balla qiymətləndirilir. Namizədlər müvafiq keçidlərə daxil olmaqla müsahibə proqramları (müəllimlər üçün, direktor və direktor müavinləri üçün) ilə ətraflı tanış ola bilərlər.
Direktor və direktor müavini vəzifələri üzrə müsahibədə 16 və daha çox bal toplayan, müəllim vəzifələri üzrə müsahibədə isə 32 və daha çox bal toplamış namizəd müvəffəqiyyət qazanmış hesab edilir. Namizədin ümumilikdə müsabiqə üzrə yekun nəticəsi test və müsahibə mərhələlərinin əsasında müəyyən edilir.
Namizəd ərizəsində göstərdiyi məlumatların və təqdim etdiyi sənədlərin doğruluğuna görə məsuliyyət daşıyır. Müsabiqənin istənilən mərhələsində məlumatların düzgün olmadığı, qəsdən təhrif edildiyi, saxta sənəd təqdim olunduğu və ya namizədin tələblərə cavab vermədiyi aşkar edilərsə onun nəticəsi ləğv edilir.