Bu gün Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələri üzrə işə qəbul imtahanı keçirir.
İmtahan kompüterlər vasitəsilə Bakıda DİM-in elektron imtahanlar korpusunda və Naxçıvanda 4 saylı tam orta məktəbdə təşkil olunub. İmtahan iki növbədə keçirilir. Birinci növbə imtahan saat 10:00-da başlanıb, ikinci növbə isə 16:00-da başlanacaq. İmtahan müddәti direktor vә direktor müavinlәrinin işә qәbulu imtahanında 3 saat, müәllimlәrin işә qәbulu imtahanında isә 2 saatdır.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
Direktor və direktor müavinlərinin işə qəbulu imtahanında namizədlərin fəaliyyət istiqaməti üzrə normativ hüquqi aktlar, pedaqogika və pedaqoji psixologiya, məntiqi düşünmə və ümumi dünyagörüşü səviyyələri yoxlanılır. Namizədlərə müvafiq normativ hüquqi aktlar üzrə 50, pedaqogika və pedaqoji psixologiya üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 15 və ümumi dünyagörüşü üzrə 20 qapalı tipli tapşırığı təqdim olunur (ümumilikdə 100 qapalı tipli tapşırıq).
Müəllimlərin işə qəbulu imtahanında namizədlərin müvafiq sahə üzrə (“Musiqi”, “Təsviri sənət”, “Xoreoqrafiya”) ixtisas bilikləri, pedaqogika və pedaqoji psixologiya, məntiqi təfəkkür və ümumi dünyagörüşü səviyyələri yoxlanılır. Musiqi istiqamətində ixtisas bilikləri üzrə tapşırıqlar namizədlərin ixtisaslarından asılı olaraq “Milli musiqi” və “Klassik musiqi” istiqamətində təqdim olunur. Namizədlərə ixtisas bilikləri üzrə 40, pedaqogika və pedaqoji psixologiya üzrə 10, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 və ümumi dünyagörüşü üzrə 10 qapalı tipli tapşırıq təqdim olunur (ümumilikdə 70 qapalı tipli tapşırıq).
Hər test tapşırığı üzrə doğru cavab 1 balla qiymətləndirilir. Nəticələr hesablandıqda səhv cavablar ümumi nəticəyə təsir göstərmir.
Namizədlər müvafiq linkə daxil olmaqla müsabiqə barədə ətraflı məlumat və keçid balları ilə tanış ola bilərlər.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 10 – 12 avqust tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqələri ilə DİM-in əsas inzibati binasına (Bakı ş., Ak., H.Əliyev 299) və ya regional bölmələrinə yaxınlaşıb ərizə yaza bilərlər.