I ixtisas qrupu üzrə Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanında iştirak etməsi üçün ərizə qəbulu 16 – 20 iyul tarixlərində aparılıb və bu müddət ərzində 369 nəfər qeydiyyatdan keçib.
Memarlıq ixtisası üzrə qabiliyyət imtahanı 28 – 30 iyul tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman kompleksində (ünvan: Ayna Sultanova küçəsi, 11) keçiriləcək.
İştirakçılar buraxılış vərəqəsində göstərilən tarix və saatda şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.
Xatırladaq ki, abituriyentlər yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.
Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.
Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2026-cı ildə nəşr edilmiş “Abituriyent” jurnalının “Memarlıq” adlı xüsusi buraxılışında verilib.