31 oktyabr 2022-ci il tarixində Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “Münaqişələrin idarə edilməsi” mövzusunda təlim keçirilib. Təlimdə Nazirliyin 30 əməkdaşı iştirak etmişdir.
Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşova tərəfindən nəzəri və praktiki hissələrdən ibarət təlim keçirilmişdir. Praktiki hissənin həyata keçirilməsində sektorun digər əməkdaşları Gülü Həsənova və Leyla Süleymanova iştirak etmişdir. Təlim zamanı münaqişə anlayışı, növləri, münaqişəyə səbəb olan amillər, davranış strategiyaları və qarşı tərəfin emosional davranışına konstruktiv reaksiya barədə iştirakçılara məlumat verilib. Münaqişəli vəziyyətləri qiymətləndirmək və konstruktiv həll yollarını müəyyən etmək kimi bacarıqların formalaşması məqsədilə iştirakçılar fərdi və qrup şəklində münaqişəli vəziyyətlərin təsvir olunduğu keyslər üzərində işləyiblər. Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.