2 noyabr 2022-ci il tarixində Mədəniyyət Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “Münaqişələrin idarə edilməsi” mövzusunda təlim keçirilib. Təlimə Mədəniyyət Nazirliyinin 14 əməkdaşı cəlb olunub.
Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşova və sektorun əməkdaşı Gülü Həsənova tərəfindən nəzəri və praktiki hissələrdən ibarət təlim keçirilib. Təlim zamanı münaqişə anlayışı, növləri, münaqişəyə səbəb olan amillər, davranış strategiyaları və qarşı tərəfin emosional davranışına konstruktiv reaksiya barədə iştirakçılara məlumat verilib. Münaqişəli vəziyyətləri qiymətləndirmək və konstruktiv həll yollarını müəyyən etmək kimi bacarıqların formalaşması məqsədilə iştirakçılar keyslər və videoçarxlar üzərində fərdi və qrup şəklində işləyiblər. Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.