26 iyul 2026-ci il tarixində Musiqi sənəti istiqaməti üzrə ixtisas imtahanlarında uğur qazanan abituriyentlər üçün nəzəriyyə fənlərindən elektron formada test imtahanı keçiriləcək. İmtahanlar Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio, Musiqi ədəbiyyatı fənləri üzrə olacaq. Test imtahanı Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil ediləcək.
Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmır.
İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və s. elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.
Qeyd edək ki, ixtisas imtahanlarında uğur qazanan 833 abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanıb. Abituriyentlər qeydiyyatdan keçdikləri komissiyalara uyğun olan imtahanlarda iştirak edəcəklər.
Müxtəlif komissiyalar üzrə imtahan fənləri, tapşırıq sayı və imtahan müddəti ilə buradan tanış ola bilərsiniz.
İxtisaslar üzrə nəzəriyyə fənləri və müsabiqə şərtləri burada təqdim edilib.
Ümumi balın hesablanma qaydası haqqında məlumatı buradan əldə edə bilərsiniz.