11 sentyabr 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanlarının müəyyən etdiyi məsul şəxslərə onlayn təlim keçirilib.
Mərkəzin Dövlət qulluqçularının reyestrinin aparılması və ehtiyat kadrların qeydiyyatı sektorunun müdiri Sakit Əliyev tərəfindən “Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemi”, Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun baş məsləhətçisi Könül Səlimova və aparıcı məsləhətçisi Nərmin Ağayeva tərəfindən isə “Dövlət qulluğu – Vəzifələrin İdarə edilməsi Sistemi” və “Dövlət Qulluğu - Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”ndən istifadə üzrə təlim keçirilib. Bundan əlavə, iştirakçılar üçün “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları”, “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi” mövzularında təqdimatlar edilib. Təlimdə 49 dövlət orqanı üzrə 56 məsul şəxs iştirak edib.
Təlim iştirakçılarına dövlət qulluqçularının reyestrinin aparılması, inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, ehtiyat kadrların formalaşdırılması qaydaları, analoji vəzifələrin müəyyən edilməsi, ehtiyat kadrların analoji vakant vəzifələrə təyin edilməsi, habelə müvafiq informasiya sistemlərindən istifadə qaydaları və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.
Təlimin sonunda mövzu ilə bağlı müzakirə aparılıb və iştirakçıların sualları cavablandırılıb.