23-27 may tarixlərində Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyinin (Agentlik) nümayəndə heyətinin açıq rəqabət sisteminin optimallaşdırılması, milli kadr ehtiyatının formalaşdırılması, habelə dövlət qulluğuna namizədlərin seçimində şəffaflığın, ədalətliliyin və obyektivliyin təmin edilməsi istiqamətlərində Azərbaycan Respublikasının qabaqcıl təcrübəsi ilə tanış olmaq məqsədilə etdiyi işgüzar səfəri yekunlaşıb.
Proqram çərçivəsində Dövlət İmtahan Mərkəzinin (DİM) müxtəlif struktur bölmələrinin – Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti, Dövlət informasiya resursları departamenti, E-imtahanlar və müsahibələrin təşkili departamenti, Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsi və Strateji inkişaf şöbəsinin əməkdaşları tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, dövlət qulluğuna qəbul sistemi, test imtahanlarının və müsahibələrin təşkili, dövlət qulluğu sahəsində elektron xidmətlər, dövlət qulluqçularının reyestrinin aparılması, Azərbaycan Respublikasında səriştə modelinin yaradılması istiqamətində beynəlxalq layihələr, müsahibələr, müsahibə proqramlarının hazırlanması, müsahibə elanlarının verilməsi, ehtiyat kadrların idarə edilməsi, səriştə modeli çərçivəsində hazırlanmış qiymətləndirmə vasitələri mövzularında təqdimatlar edilib.
Eyni zamanda Özbəkistan nümayəndə heyəti DİM-in təşkilatçılığı ilə müvafiq dövlət orqanları, agentliklər və ictimai birliklər ilə görüşlərdə iştirak edib.
Proqramın ilk günündə nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında “ASAN xidmət” mərkəzini ziyarət edib və qurumun insan resurslarının idarə edilməsi sistemi, həmçinin dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olan “ASAN Radio” ilə tanış olub.
Səfərin ikinci günündə qonaqlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyini ziyarət edib. Nümayəndə heyətinə nazirliyin mərkəzi aparatında, həmçinin nazirliyin tabeliyində olan DOST agentliyi və ərazi bölmələrində insan resurslarının idarə edilməsi sistemi ilə əlaqədar təqdimatlar nümayiş etdirilib.
Növbəti gün “Yüksəliş” müsabiqəsinin rəhbərliyi ilə görüş keçirilib. Görüşün məqsədi nümayəndə həyətini intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan gələcək rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edən proses ilə tanış etməkdən ibarət olub.
Daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında görüş keçirilib. Bu görüşdə dövlət qulluqçularının təlimi və bacarıqlarının artırılması sistemi ilə əlaqədar təqdimatlar nümayiş etdirilib.
Səfərin dördüncü günündə nümayəndə heyəti Elektron Hökumətin İnkişafı Mərkəzində qonaq olub və qonaqlara Mərkəz tərəfindən yaradılmış insan resurslarının idarə edilməsi sistemi və qurumun xidmətləri barədə ətraflı məlumat verilib.
Səfərin sonuncu günündə isə nümayəndə heyəti ilə DİM-in, ƏƏSMN-in, “Yüksəliş” müsabiqəsinin rəhbər heyəti və “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Orxan Zakirovun iştirakı ilə görüş keçirilib və gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən fəaliyyət planı üzrə müzakirələr aparılıb.
Xatırladaq ki, Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Qulluğunun İnkişafı Agentliyi Özbəkistanın dövlət orqanlarında və təşkilatlarında insan resurslarının inkişafı və kadrların idarə edilməsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə məsul orqandır.