İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək. İmtahan iki növbəlidir və iştirakçılar üçün hər növbə üzrə 760 olmaqla, ümumilikdə 1520 yer ayrılıb. Namizədlər 17 sentyabr saat 18:00-dan 10 oktyabr saat 18:00-dək DİM-in internet səhifəsində bu linkə daxil olub imtahana qeydiyyatdan keçə bilərlər.
İmtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.
Namizədlərin bilik və bacarılarının yoxlanılması məqsədilə imtahanda 40 tapşırıqdan ibarət test bloku təqdim olunur. İmtahandan maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.
Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla buradan tanış ola bilərlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər:
2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.
PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib.
Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir.