Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Niderland Krallığının “CİTO – Niderland Milli Təhsil İnsitutu”nun dəstəyi ilə həyata keçirilən layihənin riyaziyyat və təbiət elmləri istiqamətlərində təlimləri yekunlaşıb.
Təlimlər onlayn şəkildə riyaziyyat fənni istiqamətində seminar və praktiki məşğələlərin keçirilməsi üzrə beynəlxalq təcrübəsi olan Sjoerd Crans, təbiət elmləri istiqamətində isə Roel Visseren tərəfindən keçirilib. Təlimlərdə DİM-in nümayəndələri, riyaziyyat fənni və təbiət elmləri istiqamətində buraxılış və qəbul imtahanlarında tapşırıqların tərtib olunması və ekspertizası üzrə DİM-lə əməkdaşlıq edən ekspertlər, Elm və Təhsil Nazirliyinin nümayəndələri, Təhsil İnsitutunun əməkdaşları iştirak ediblər. Bu müddət ərzində ümumi olaraq 55 ekspert qrup şəklində verilən tapşırıqlar üzərində işləyiblər.
Layihə aşağıdakı məsələləri əhatə edib:
- Situasiya tipli test tapşırıqlarının hazırlanması və quruluşuna dair ümumi nəzəriyyə;
- Spesifikasiyalara əsaslanan test tapşırıqlarının tərtibinə dair suallar;
- "PISA 2021" çərçivə sənədində riyazi savadlılıq və funksional savadlılığın qiymətləndirilməsi;
- Savadlılığın qiymətləndirilməsindəki kontekstlər: nəzəriyyə və təcrübə; Azərbaycan və Niderland nümunələri;
- Bacarıq yönümlü (competency based) qapalı test tapşırıqlarının tərtibinə dair suallar;
- Açıq sualların tərtib olunması.
Qeyd edək ki, təlimlər 1 ay davam edib və bu gün başa çatıb.
Xatırladaq ki, Cito ilə DİM arasında əməkdaşlığa keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründən başlanılıb. 12 iyul 2021-ci il tarixində isə DİM və Cito arasında təhsildə qiymətləndirmə sahəsində institusional inkişafın artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb