Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Niderland Krallığının “CİTO – Niderland Milli Təhsil İnsitutu”nun dəstəyi ilə həyata keçirilən layihənin təbiət elmləri istiqamətində ilk təlimi 24 oktyabr 2022-ci il tarixində keçirilib.Təlim təbiət elmləri istiqamətində seminar və praktiki məşğələlərin keçirilməsi üzrə beynəlxalq təcrübəsi olan Roel Visseren tərəfindən keçirilib.
11 günü əhatə edəcək təlimlər qiymətləndirmə sahəsinə töhfə verməklə yanaşı, PISA qiymətləndirmə tədqiqatında istifadə olunan, funksional savadlılığı ölçən tapşırıq nümunələrinin şagirdlərimiz tərəfindən daha yaxşı anlaşılması və cavablandırılması üçün məzmunların hazırlanmasına və funksional savadlılığın inkişafına dəstək olacaq, beynəlxalq təcrübəyə əsaslanan müqayisəli hesabatın hazırlanmasına və hesabatdan irəli gələn digər fəaliyyətlərə şərait yaradacaq.
Layihə aşağıdakı məsələləri əhatə edir:
-
Təbiət elmləri üzrə funksional savadlılığın qiymətləndirilməsinə dair məzmunun analizi;
-
PISA qiymətləndirmə tədqiqatının nəticələrinin funksional savadlılığın inkişafında tətbiqi, tədqiqatda ölçülən bacarıqların və istifadə edilən tapşırıq növlərinin yerli kontekstdə dəyərləndirilməsi;
-
Funksional savadlılığın qiymətləndirilməsinə dair beynəlxalq təcrübəyə əsaslanan hesabatın hazırlanması;
-
Konsultativ müzakirələrin həyata keçirilməsi.
Təlimdə DİM-in nümayəndələri, təbiət elmləri istiqamətində buraxılış və qəbul imtahanlarında tapşırıqların tərtib olunması və ekspertizası üzrə DİM ilə əməkdaşlıq edən ekspertlər, Elm və Təhsil Nazirliyinin nümayəndələri və Təhsil İnsitutunun nümayəndə heyəti iştirak edib.
Qeyd edək ki, Cito ilə DİM arasında əməkdaşlığa DİM-in sələfi olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründən başlanılıb. 12 iyul 2021-ci il tarixində DİM və Cito arasında təhsildə qiymətləndirmə sahəsində institusional inkişafın artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.