Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Niderland Krallığının “CİTO – Niderland Milli Təhsil İnsitutu”nun dəstəyi ilə həyata keçirilən layihənin riyaziyyat fənni istiqamətində ilk təlimi 3 oktyabr 2022-ci il tarixində keçirilib.Təlim riyaziyyat fənni istiqamətində seminar və praktiki məşğələlərin keçirilməsi üzrə beynəlxalq təcrübəsi olan Sjoerd Crans tərəfindən keçirilib.
11 günü əhatə edəcək təlimlər qiymətləndirmə sahəsinə töhfə verməklə yanaşı, PISA qiymətləndirmə tədqiqatında istifadə olunan, funksional savadlılığı ölçən tapşırıq nümunələrinin şagirdlərimiz tərəfindən daha yaxşı anlaşılması və cavablandırılması üçün məzmunların hazırlanmasına və riyazi savadlılığın inkişafına dəstək olacaq, beynəlxalq təcrübəyə əsaslanan müqayisəli hesabatın hazırlanmasına və hesabatdan irəli gələn digər fəaliyyətlərə şərait yaradacaq.
Layihə aşağıdakı məsələləri əhatə edir:
-
Riyazi savadlılığın qiymətləndirilməsinə dair məzmunun analizi;
-
PISA qiymətləndirmə tədqiqatının nəticələrinin riyazi savadlılığın inkişafında tətbiqi, tədqiqatda ölçülən bacarıqların və istifadə edilən tapşırıq növlərinin yerli kontesktdə dəyərləndirilməsi;
-
Funksional savadlılığın qiymətləndirilməsinə dair beynəlxalq təcrübəyə əsaslanan hesabatın hazırlanması;
-
Konsultativ müzakirələrin həyata keçirilməsi.
Təlimdə DİM-in nümayəndələri, riyaziyyat fənni istiqamətində buraxılış və qəbul imtahanlarında tapşırıqların tərtib olunması və ekspertizası üzrə DİM ilə əməkdaşlıq edən ekspertlər, Elm və Təhsil Nazirliyinin nümayəndələri, Təhsil İnsitutunun nümayəndə heyəti və riyaziyyatçılar iştirak ediblər.
Cito ekspertləri tərəfindən təbiət elmləri istiqaməti üzrə təlimlərin isə növbəti ay keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, Cito ilə DİM arasında əməkdaşlığa DİM-in sələfi olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründən başlanılıb. 12 iyul 2021-ci il tarixində DİM və Cito arasında təhsildə qiymətləndirmə sahəsində institusional inkişafın artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.