2 noyabr 2026-cı il və 5 noyabr 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələri, özəl təhsil müəssisələri və peşə mərkəzlərinin "Şagird-məzun" sistemi üzrə əlaqələndiriciləri üçün seminarlar keçirilib.
Seminarlarda DİM-in Dövlət informasiya resursları departamentinin Ümumi təhsil pilləsində yekun attestasiya və təhsil müəssisələrində məzunların qeydiyyatı sektorunun əməkdaşları Hidayət Cavadlı və Aysel Məmmədova Mərkəzin 2026/2027-ci tədris ili üzrə təsdiqlənmiş təqvim planını təqdim edərək “Şagird-məzun” sisteminin yeni funksional imkanları və istifadə qaydaları ilə iştirakçıları əyani olaraq tanış ediblər.
Seminarlarda şagirdlər barədə məlumatların, o cümlədən buraxılış sinfi şagirdlərinin yekun attestasiyası aparıldıqdan sonra elektron attestat rekvizitlərinin sistemə vaxtında daxil edilməsinin zəruriliyi əlaqələndiricilərin diqqətinə çatdırılıb. Tədbirin sonunda Mərkəzin əməkdaşları tərəfindən iştirakçıların sözügedən məsələlərlə bağlı sualları cavablandırılıb.