“ADA” və İtaliya-Azərbaycan Universitetinin (layihə “ADA” Universiteti tərəfindən həyata keçirilir) ixtisaslarının müsabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən az 1200 bal toplayan, həmçinin ya IELTS Academic üzrə minimum 6.0, ya TOEFL IBT üzrə minimum 75 və ya Duolingo English Test üzrə minimum 105 balı olan abituriyentlər də buraxılacaqlar. İngilis dili ilə bağlı tələb Azərbaycandan kənarda yerləşən ingilis dilli məktəblərin məzunlarına və ya “ADA” Universitetinin ingilis dili kurslarının müvafiq səviyyəsini müvəffəqiyyətlə bitirmiş abituriyentlərə şamil olunmur. “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Riyaziyyat”, “Biznesin idarə edilməsi”, “İqtisadiyyat” və “Maliyyə” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən az 600 bal toplamaları tələb olunur. Qeyd olunan şərtləri ödəyən abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada sənəd qəbulunda iştirak edirlər:
İyunun 30-dək SAT imtahanının nəticəsini elektron şəkildə “College Board”un saytı (https://www.collegeboard.org) vasitəsilə DİM-ə (kod 7876) və “ADA” Universitetinə (kod 7799) göndərirlər;
Mayın 21-dən iyunun 30-dək SAT imtahanının və ingilis dili imtahanının nəticələri barədə məlumatı (skan edərək) elektron qaydada təqdim etməklə DİM-in internet saytı vasitəsilə (https://eservices.dim.gov.az/erizebak/sat) qeydiyyatdan keçirlər;
İyunun 30-dək “ADA” Universitetinin elektron ərizə formasını (www.ada.edu.az/apply) doldurur, ingilis dili imtahanının nəticəsini həmin ərizə formasına yükləyir və “ADA” Universitetinə elektron şəkildə göndərirlər.
Abituriyentlər ali təhsil müəssisələrinə qəbul olmaq üçün fevralın 20-dən martın 5-dək aparılmış sənəd qəbulu müddətində “Abituriyentin elektron ərizəsi”ni doldurub təsdiq etdirmiş olmalıdırlar.
“ADA” və İtaliya-Azərbaycan Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə “məqbul” almaları, tam orta təhsil müəssisələrinin Azərbaycan bölməsini bitirən abituriyentlərin buraxılış imtahanında (qəbul imtahanının I mərhələsində) tədris dili (Azərbaycan dili) fənnindən 50 bal və yuxarı nəticə göstərməkləri tələb olunur.
“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.