Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailə üzvlərinə daim mənəvi dəstək verilir, onların təhsilinə, gələcək karyeralarının planlaşdırılmasına və inkişafına əməli yardım göstərilir. Bu istiqamətdə imtahanlara hazırlaşan şəhid övladlarına vəsaitlər hədiyyə edilir və onların müxtəlif növ imtahanlarda ödənişsiz iştirakına şərait yaradılır. Bundan əlavə, şəhid övladları ilə mütəmadi olaraq psixoloji dəstək, maarifləndirici təqdimatlar, erkən peşə seçimi istiqamətində görüşlər təşkil olunur. Bu illər ərzində 781 şəhid övladı bu görüşlərdə iştirak edib, onlara 5554 ədəd dərs vəsaiti, test toplusu və “Qiymətləndirmə tapşırıqları” kitabları hədiyyə olunub.
Şəhid övladları Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən orta məktəb şagirdlərinin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşə seçimi” testlərindən ödənişsiz olaraq istifadə edirlər və bu prosesə artıq Bakı üzrə 53, regionlar üzrə isə 95 VIII, IX və X sinifdə təhsil alan şəhid övladı cəlb olunub. Bu testlər sayəsində onlar öz qabiliyyətlərini, maraq dairələrini və şəxsi xüsusiyyətlərini daha yaxşı anlayaraq gələcəkdə hansı sahədə uğur qazana biləcəklərini müəyyən edə bilirlər. Bu həm də onların özünəinamını artırır, doğru istiqamətdə qərar verməsinə kömək edir. Test nəticələrinə əsasən, hər bir iştirakçı üçün fərdi yanaşma təmin olunur. Bu prosesin mühüm hissələrindən biri də DİM-in psixoloqları ilə görüş imkanıdır. Psixoloqla görüş zamanı iştirakçılar test nəticələrini ətraflı şəkildə müzakirə edir, öz güclü və zəif tərəflərini daha dərindən anlayır, gələcək peşə istiqamətini müəyyənləşdirməkdə peşəkar məsləhət alırlar. Bu görüşlər həm də onların özünəinamını artırır, düzgün qərar verməyə motivasiya edir. Beləliklə, psixoloqla fərdi görüşlər peşə seçimi prosesini daha səmərəli və məqsədyönlü edir, gənclərin gələcək karyera planlamasında mühüm rol oynayır.
“Peşə Seçimi” testləri şəhid övladlarının fərdi inkişafına dəstək olmaqla yanaşı, onların cəmiyyətə faydalı və peşəkar vətəndaş kimi formalaşmasına da zəmin yaradır.
Belə layihələr gələcəkdə də davam etdiriləcək.