3 may 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən gimnaziyada ümumi təhsil müəssisələrində xarici dil fənnini tədris edən 130 müəllimlə görüş keçirilib.
Görüşün əsas məqsədi 2027-ci ildən etibarən tam orta təhsil səviyyəsində xarici dil fənni üzrə tətbiq olunacaq imtahan modelinin təqdim edilməsi olub.
Tədbiri giriş sözü ilə DİM-in Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədov görüşün əhəmiyyəti və regionlarda bu cür maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini haqqında danışıb.
Daha sonra çıxış edən DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva xarici dil fənləri üzrə qiymətləndirmə sistemində həyata keçirilən yeniliklər, ölçmə meyarları və tətbiq edilən yanaşmalar, habelə imtahan modelində təqdim olunan yazı tapşırığı haqqında ətraflı məlumat və metodiki tövsiyələr verib. Qeyd olunub ki, yeni imtahan modelinin əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə qiymətləndirməkdir.
Diqqətə çatdırılıb ki, yeni model çərçivəsində 2027-ci ildə xarici dil fənni üzrə minimum 100 sözdən ibarət kiçikhəcmli mətn yazmağı tələb edən yazılı tapşırıq tətbiq olunacaqdır. Bu tapşırıq şagirdlərin yazı bacarığı, məntiqi ardıcıllıq, fikir ifadə etmə və dil vasitələrindən istifadə səviyyəsini daha obyektiv qiymətləndirməyə imkan verəcək. Vurğulanıb ki, bu dəyişiklik eyni zamanda tədris prosesində şagirdlərin yazı bacarığının sistemli inkişafına daha çox diqqət yetirilməsini zəruri edir.
Görüş çərçivəsində Naxçıvan MR üzrə 9 və 11 illik təhsil səviyyələri üzrə xarici dil fənni üzrə imtahanların statistik nəticələri təqdim olunub və bu göstəricilərin ölkə üzrə orta statistik şagirdin nisbi balı ilə müqayisəsi aparılıb. Qeyd olunub ki, Naxçıvan MR üzrə nəticələr ümumilikdə ölkə üzrə orta statistik göstəricilərlə uyğun dinamika nümayiş etdirir və son tədris ilində müşahidə olunan artım ümumi olaraq müsbət inkişaf tendensiyasını təsdiqləyir.
Plenar hissədən sonra görüş öz işini ingilis, rus, alman və fransız dili fənləri üzrə seminarlarla davam etdirib. Dövlət İmtahan Mərkəzinin fənn kuratorları Murad Muradov (alman dili), Fatma Ağayeva (fransız dili), İlahə Nəbizadə (ingilis dili) və Xalidə Babaşova (rus dili) tərəfindən müvafiq olaraq tam orta (11 illik) təhsil səviyyəsi üzrə imtahan modelində nəzərdə tutulan dəyişikliklər barədə ətraflı məlumat verilib.
Seminarlar çərçivəsində iştirakçılara xarici dil fənni üzrə minimum 100 sözdən ibarət kiçikhəcmli mətn yazılmasını tələb edən yazılı tapşırıq və onun qiymətləndirmə meyarları, nümunə cavablar təqdim edilib və müzakirə olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təqdimat sonrası sorğu keçirilib və müvafiq yeniliklər barədə müəllimlərlə geniş fikir mübadiləsi aparılıb.