Tədbir 21 oktyabr 2022-ci il tarixində DİM-in Akademik Həsən Əliyev, 299 ünvanında yerləşən inzibati binasında keçirilib.
Tədbirdə iştirak edən qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar.
Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Vətənimizin müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn tədris mərkəzləri ilə uzun zamandır davam edən əməkdaşlıq müzakirələrinin, Kembric kvalifikasiyalarına dair məlumatlılığın artırılması istiqamətində atılan addımların bu gün baş tutan tədbirlə rəsmiləşdiyini qeyd edib. Eyni zamanda, Kembric imtahan meneceri olaraq Vəli Hüseyn tədris mərkəzləri ilə Kembric kvalifikasiyaları istiqamətində baş tutan əməkdaşlığın ölkə səviyyəsində ingilis dili üzrə bilik və bacarıqların təkmilləşməsinə əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.
Tədbirə onlayn qoşulan Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun Ukrayna və Qafqaz üzrə biznesin inkişafı baş meneceri Darina Sizuk Kembric Hazırlıq Mərkəzləri ailəsinin sürətlə böyüməsinin şagird, müəllim və məktəblər üçün faydalı olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra DİM-in Strateji inkişaf şöbəsinin əməkdaşı DİM tərəfindən təşkil olunan digər beynəlxalq imtahanlar barədə təqdimat nümayiş etdirib.
Tədbirin sonunda tədris mərkəzlərinə rəsmi hazırlıq mərkəzi statusunun verilməsini rəsmiləşdirən əməkdaşlıq müqaviləsi imzalanıb.
Qeyd edək ki, əməkdaşlıq müqaviləsinə əsasən Kembric İngilis dili Kvalifikasiyaları üzrə test mərkəzi olan DİM ingilis dilini tədris edən müəllim heyətinin peşəkarlığının artırılması və öyrənənlərin ingilis dili bilik və bacaraqlarının inkişaf etdirilməsi məqsədilə müqaviləni imzalayan tədris mərkəzlərinə Kembric İngilis dili Kvalifikasiyaları üzrə rəsmi Hazırlıq Mərkəzi statusunu verib. Hazırlıq Mərkəzi isə öz növbəsində müəllim heyəti və tələbələri, habelə maraqlı tərəflər arasında Kembric İngilis dili Kvalifikasiyalarının təbliği və təşkilindən irəli gələn məsələlərin icrasını öz öhdəsinə götürüb.
Ölkəmizdə ingilis dilini tədris edən pedaqoji heyətin və şagirdlərin müvafiq bacarıqlarının təkmilləşdirilməsi üçün yeni imkanlar yaratmaq məqsədilə DİM-in nəzdində Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi Hazırlıq Mərkəzi kimi fəaliyyət göstərmək hüququnu əldə etmək üçün aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat linki: https://forms.gle/nLosT1pgzaFUwNDbA