Təsviri sənət istiqaməti üzrə 15-ci komissiyanın rəngkarlıq fənni, 1602-ci komissiyanın rəsm fənni, 1701-ci komissiyanın yapma fənni və 210-cu komissiyanın rəsm fənni üzrə qabiliyyət imtahanlarının nəticələri ilə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər (subbakalavrlar) 21 iyul saat 10:00-dan 22 iyul saat 17:00-dək apelyasiya.dim.gov.az saytına daxil olaraq elektron ərizə doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan qeyd olunan komissiyalar üzrə apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər.
Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər imtahan nəticələri, “tapşırıq çəkilmiş rəsm vərəqi”nin fotosurəti, yerinə yetirilən tapşırıq üzrə qiymətləndirmə meyarları və qiymətləndirmə şkalası ilə tanış olmalıdırlar. Elektron ərizədə çəkilmiş rəsmlə bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Qeyd yerində yalnız qeydiyyatı aparılan apellyasiya komissiyası və fənni ilə bağlı müraciətin məzmunu yazılmalıdır.
DİM tərəfindən 24 iyul 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək və növbəli şəkildə bütün müraciət etmiş abituriyentlərlə (subbakalavrlarla) əlaqə saxlanılacaq.
Xatırladaq ki, apellyasiya prosesinin qaydalara uyğun təşkilinə dair daxili nəzarəti həyata keçirmək məqsədilə abituriyentlərin komissiya üzvləri ilə telefon əlaqəsinin səs yazısı qeydə alınır.