Dövlət İmtahan Mərkəzi tərəfindən 2 dekabr 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirilib.
İmtahan gün ərzində iki növbədə elektron formada 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1708 namizəd qeydiyyatdan keçib. Onlardan 1598 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1309 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 3 və 4 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.