İyunun 7-də Dövlət İmtahan Mərkəzində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilib.
İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə saat 10:00 və 16:00 olmaqla iki növbədə keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
Dövlət qulluğuna qəbul imtahanında 1315 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 36 nəfər, BB2 altqrupu üzrə 59 nəfər, BB3 altqrupu üzrə 124 nəfər, BB4 altqrupu üzrə 203 nəfər olmaqla, ümumilikdə 422 namizəd uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan saat 16:00-da başlanıb. Bu imtahanda 272 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB2 altqrupu üzrə 3 nəfər, AB3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 4 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 3 nəfər, AC4 altqrupu üzrə 2 nəfər, BA1 altqrupu üzrə 10 nəfər, BA2 altqrupu üzrə 18 nəfər, BA3 altqrupu üzrə 16 nəfər, BA4 altqrupu üzrə 13 nəfər, BB1 altqrupu üzrə 44 nəfər, BB2 altqrupu üzrə 41 nəfər, BB3 altqrupu üzrə 28 nəfər, BB4 altqrupu üzrə 21 nəfər olmaqla, ümumilikdə 209 namizəd uğur qazanıb.
Dövlət qulluğuna qəbul imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün iyunun 8-dən 22-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 8, 9 və 10 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.