Noyabrın 6-da Dövlət İmtahan Mərkəzi Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirilib.
İmtahanlar saat 10:00 və 16:00 olmaqla iki növbədə kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.
İmtahanda ümumilikdə 1574 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB1 altqrupu üzrə 2 nəfər, AB2 altqrupu üzrə 2 nəfər, AB3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 24 nəfər, AC2 altqrupu üzrə 40 nəfər, AC3 altqrupu üzrə 85 nəfər, AC4 altqrupu üzrə 86 nəfər, BA1 altqrupu üzrə 12 nəfər, BA2 altqrupu üzrə 17 nəfər, BA3 altqrupu üzrə 19 nəfər, BA4 altqrupu üzrə 24 nəfər, BB1 altqrupu üzrə 18 nəfər, BB2 altqrupu üzrə 26 nəfər, BB3 altqrupu üzrə 60 nəfər, BB4 altqrupu üzrə 109 nəfər olmaqla, ümumilikdə 527 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün noyabrın 7-dən 24-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 7 noyabr saat 14:00-dan 16:00-dək, 12 və 13 noyabr tarixlərində isə saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.