Dövlət İmtahan Mərkəzi 24 sentyabrda dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqrupu və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirib.
Birinci növbə imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İkinci növbə imtahan isə saat 16:00-da başlanıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.
İmtahanda ümumilikdə 1634 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB3 altqrupu üzrə 2 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 13 nəfər, AC2 altqrupu üzrə 36 nəfər, AC3 altqrupu üzrə 79 nəfər, AC4 altqrupu üzrə 117 nəfər, BA1 altqrupu üzrə 6 nəfər, BA2 altqrupu üzrə 8 nəfər, BA3 altqrupu üzrə 10 nəfər, BA4 altqrupu üzrə 23 nəfər, BB1 altqrupu üzrə 18 nəfər, BB2 altqrupu üzrə 18 nəfər, BB3 altqrupu üzrə 38 nəfər, BB4 altqrupu üzrə 65 nəfər olmaqla, ümumilikdə 434 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Bu imtahanda tapşırıqların həlli zamanı kompüter üzərindən qeyd və qaralamaların aparılması üçün imtahan platformasına virtual qaralama alətlər paneli əlavə edilib. Bu alətlər vasitəsilə edilən qeydlər qaralama məqsədi daşıyır, imtahan səhifəsindən çıxış edilən zaman yaddaşdan silinir və imtahan nəticələrinə heç bir təsir göstərmir. Sistemə virtual kalkulyator da əlavə edilib.
Tətbiq olunan yeniliklər imtahan iştirakçılarına tapşırıqların həlli zamanı qeydləri və hesablamaları birbaşa kompüter üzərindən aparmağa, əlavə qaralama vasitələrinə ehtiyac olmadan daha rahat işləməyə imkan verir. Virtual qaralama alətlər paneli namizədin fikirlərini sistemləşdirməsinə, ara hesablamalar aparmasına və tapşırığın həlli prosesini asanlaşdırmasına şərait yaradır. Virtual kalkulyatorun tətbiqi isə hesablamaların daha operativ və rahat aparılmasına imkan verir. Beləliklə, bu funksiyalar imtahan prosesinin rahatlığını və istifadəçi təcrübəsini artırmaqla yanaşı, rəqəmsal imtahan mühitində tapşırıqların həllini daha səmərəli edir.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Namizədlər sertifikatı əldə etmək üçün sentyabrın 25-dən oktyabrın 8-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 25, 28 və 29 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.