Dövlət İmtahan Mərkəzi 5 noyabrda dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqrupu və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirib.
Birinci növbə imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İkinci növbə imtahan isə saat 16:00-da başlanıb.
İmtahanda ümumilikdə 1704 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB1 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 16 nəfər, AC2 altqrupu üzrə 24 nəfər, AC3 altqrupu üzrə 65 nəfər, AC4 altqrupu üzrə 94 nəfər, BA1 altqrupu üzrə 6 nəfər, BA2 altqrupu üzrə 8 nəfər, BA3 altqrupu üzrə 27 nəfər, BA4 altqrupu üzrə 35 nəfər, BB1 altqrupu üzrə 14 nəfər, BB2 altqrupu üzrə 29 nəfər, BB3 altqrupu üzrə 52 nəfər, BB4 altqrupu üzrə 86 nəfər olmaqla, ümumilikdə 459 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Namizədlər sertifikatı əldə etmək üçün noyabrın 6-dan 23-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 6, 11 və 12 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.