Bakının Yasamal, Binəqədi, Xətai, Səbail, Xəzər, Nərimanov, Suraxanı, Sabunçu, Nəsimi, Qaradağ, Nizami rayonları, həmçinin Sumqayıt, Abşeron, Şirvan, Naxçıvan, Gəncə, Lənkəran, Qazax, Tovuz, Şuşa, Laçın, Zəngilan, Göyçay, Şəki, Balakən, Qəbələ, Qax, Ağcabədi, Babək, Culfa, Ordubad, Sədərək, Şərur, Şahbuz, Kəngərli, Mingəçevir, Oğuz, Salyan, Sabirabad, Quba, Xızı, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Yardımlı, Astara, Cəlilabad, Masallı, Biləsuvar, Cəlilabad, Kürdəmir, Qobustan, Şamaxı, Ağsu, Ucar, Kürdəmir, Ağdaş, İsmayıllı, İmişli, Beyləqan, Füzuli, Zərdab, Hacıqabul, Neftçala, Yevlax, Tərtər, Ağdam, Göygöl, Samux, Goranboy, Şəmkir, Gədəbəy, Daşkəsən şəhər və rayonları üzrə zal nəzarətçisi kimi imtahanlara cəlb olunması nəzərdə tutulan müəllimlər üçün 2021-ci il yanvarın 21-dən fevralın 8-dək qrafikə uyğun olaraq təlimlər keçirilib.
DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən aparılan təlimlərə 75 rayon üzrə 4086 nəzarətçi-müəllim cəlb edilib. Müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyən 204 nəzarətçi-müəllim qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək təlimlərə dəvət edilib.
Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15 nəfərlik qruplarla onlayn formada aparılır. Təlimdə nəzarətçilərə imtahanın gedişi – abituriyentlərin imtahan zalına buraxılması zamanı sənədlərin yoxlanılması, öz sıra və yerlərində oturdulması, cavab kartlarının (vərəqlərinin), sual kitabçalarının paylanmasında diqqət yetirilməli olan məqamlar, nəzarətçi protokolunun düzgün doldurulması, abituriyentlərin təlimat qaydalarına uyğun davranışı, imtahan rəhbərləri ilə koordinasiyalı fəaliyyətin qurulması və imtahan zalının idarə olunma qaydası izah olunur.
Təlimlərdə, həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun işlədilmə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır. Bunların yaddaşda möhkəmləndirilməsi məqsədi ilə imtahanın bütün mərhələlərini özündə əks etdirən slaydlar nümayiş etdirilir.
Təlimlər əvvəlcədən elan olunmuş qrafikə (http://dim.gov.az/upload/iblock/8fe/8fed6dba975b4b4de31597ff648ea83c.pdf ) uyğun olaraq digər rayonlarda davam edəcək.