Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə Bakı, Gəncə, Şəki, Bərdə şəhərlərində müsahibə mərhələsi davam edir.
Məlumat üçün qeyd edək ki, elektron qeydiyyat 5 oktyabr 2026-cı il tarixində sona çatıb. 4506 nəfər öz müraciətini təsdiq edib, onlardan 1401 nəfər tələblərə cavab vermədiyi üçün və ya anket məlumatlarında çatışmazlıq olduğu üçün DİM tərəfindən prosesdə iştirak hüququndan imtina edilib və 3105 nəfər müsahibə mərhələsinə buraxılıb.
Xatırladaq ki, namizədlərə zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin hər bir mərhələsində yalnız bir dəfə iştirak etmək hüququ verilir.
Müraciəti DİM tərəfindən təsdiq edilən namizədlərə növbə ilə müsahibəyə qeydiyyatla bağlı elektron poçt və sms göndərilir. Həmin namizədlər elektron anketə daxil olaraq özünə uyğun olan müsahibə günü və vaxtını seçirlər. Müsahibəyə dəvət edilən namizəd ona təqdim olunmuş müsahibə günü və vaxtı ilə bağlı seçim etmədikdə bu onun zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesində iştirak etməkdən imtina etməsi kimi qiymətləndirilir.
Namizədlər aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:
- Şəxsiyyət vəsiqəsi;
- Elektron anket (zal nəzarətçisi sertifikatına müraciət zamanı təsdiq edilmiş anket);
- İş yeri haqqında arayış (olduğu təqdirdə);
- Məhkumluq barədə arayış;
- Vətən Müharibəsi iştirakçısı olduğu haqqında sənəd (olduğu təqdirdə);
- “Əməkdar müəllim” olduğu haqqında sənəd (olduğu təqdirdə).
- Namizədin təhsil haqqında sənədləri və dövlət qulluğu sertifikatı DİM-in elektron bazası əsasında yoxlanılır.
Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, emosional davamlılıq və stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Nəticə məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir. Namizəd müsahibəyə gəlmədikdə bu, onun sertifikatlaşdırma prosesində iştirakdan imtina etməsi kimi qiymətləndirilir. Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər.
Müsahibə mərhələsi üçün vaxt seçimi edən 581 namizəddən 417 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılmış, 45 nəfər qeyri-məqbul qiymətləndirilmiş, 119 nəfər isə bu mərhələdə iştirak etməmişdir.
Məlumat üçün qeyd edək ki, müsahibə mərhələsinin Bakı, Sumqayıt, Abşeron şəhərləri üzrə 20 noyabradək, digər rayonlar üzrə isə 6 noyabradək yekunlaşdırılması nəzərdə tutulub.
Müsahibələr DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır.
Elektron qeydiyyat və digər mərhələlərlə bağlı suallarınız yaranarsa, imtahan@dim.gov.az poçt ünvanına yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.