Müsahibələr DİM-in Bakıda yerləşən inzibati binasında və regional bölmələrində mərkəzin məsul əməkdaşları tərəfindən təşkil olunur. Qeydiyyatdan keçmiş 3909 namizəddən bu günə qədər 1510 nəfər müsahibədə iştirak edib və onlardan 1228 nəfər uğurlu nəticə əldə edərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Müsahibədə məqbul alan namizədlər ümumi intellekt səviyyəsinin yoxlanılması üçün test imtahanına növbəli şəkildə dəvət edilirlər. Müəyyən olunmuş qrafikə uyğun olaraq bu günə qədər test imtahanına 812 namizəd dəvət edilib.
Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahan 1 saat davam edir və namizədlər imtahandan dərhal sonra nəticələri ilə tanış olurlar. Bu imtahan namizədlərdə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı müqayisə etmə və ümumiləşdirmə, vizual məlumatı təhlil etmə, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə kömək edir.
Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahanda minimum 40% nəticə göstərən namizədlərin təlimlərdə iştirak etməklə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə sms göndərilir.
Müsahibələr və digər mərhələlərlə bağlı suallarınız yaranarsa, imtahan@dim.gov.az ünvanına elektron poçt göndərə, 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.