Məlumat üçün qeyd edək ki, elektron qeydiyyat 6 oktyabr 2025-ci il tarixində sona çatıb. 2935 nəfər öz müraciətini təsdiq edib və tələblərə cavab verən 2236 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsi üçün vaxt seçimi edən 2000 namizəddən 1585 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 180 nəfər qeyri-məqbulla qiymətləndirilib, 235 nəfər isə bu mərhələdə iştirak etməyib. İlkin test imtahanı mərhələsi üçün vaxt seçimi edən 1491 namizəddən 1180 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 295 nəfər qeyri-məqbulla qiymətləndirilib, 16 nəfər isə bu mərhələdə iştirak etməyib.
İlkin test imtahanı mərhələsini uğurla keçən namizədlər iki günlük təlimə cəlb olunurlar. Təlimlərə qeydiyyat elektron qaydada aparılır. Namizədin mobil telefonuna və elektron poçt ünvanına məlumat gəldikdən və növbəti mərhələlər üçün tələb olunan məbləği şəxsi kabinetinə əlavə etdikdən sonra elektron anketinə daxil olaraq birinci təlim üçün təlim vaxtını və gününü seçir. Birinci təlim günü: “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimi imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahan gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri, imtahana psixoloji hazırlıq və bu kimi bir sıra mövzuları əhatə edir.
“İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimi üçün vaxt seçimi edən 1153 namizəddən 889 nəfər artıq bu təlimdə iştirak edib.
Birinci təlimdə iştirak edən namizədlərin mobil telefonuna və elektron poçt ünvanına məlumat gəldikdən sonra elektron anketinə daxil olaraq ikinci təlim üçün təlim vaxtını və gününü seçirlər. İkinci təlim günü: “İmtahanların idarəedilməsi, texnologiyası və zal nəzarətçisinin fəaliyyəti” təlimi Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan təlimçilər tərəfindən tədris planına uyğun olaraq müxtəlif mövzularda keçirilir. DİM-in fəaliyyət istiqamətləri, imtahanlar, qəbul qaydaları, imtahanların təşkili və idarə edilməsi, məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və interaktiv təlimlər keçirilir, tapşırıqlar qoyulur, fikir mübadiləsi və sual-cavab formalı söhbətlər aparılır. Zal nəzarətçisinin fəaliyyətinin daha çox praktiki tərəflərini və imtahanların təşkili, gedişi və yekunu zamanı baş verə biləcək halları və problemləri əhatə edən interaktiv treninqlər (nəzarətçi təlimatı və psixoloji stres - menecment təlimi) və praktiki məşğələ - sınaq imtahanı keçirilir.
“İmtahanların idarəedilməsi, texnologiyası və zal nəzarətçisinin fəaliyyəti” təlimi üçün vaxt seçimi edən 439 namizəddən 337 nəfər artıq bu təlimdə iştirak edib.
Təlim zamanı təlimçilər namizədləri qiymətləndirir və təlimin gündəliyində qeydlər aparır, namizədlərin tədrisin interaktiv hissəsində fəal iştirakını, stres vəziyyətində və qrup şəklində işləmək bacarıqlarını qeyd edir, problemli, münaqişə və konflikt yaradan, həddindən artıq passiv namizədlərə sertifikat verilməməsi üçün xüsusi rəy verirlər.
Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması mərhələləri ilə bağlı suallarınız yaranarsa, imtahan@dim.gov.az poçt ünvanına yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.