27 avqust 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun məsləhətçisi Fidan Novruzova tərəfindən Dövlət Turizm Agentliyinin əməkdaşları üçün “Zamanın düzgün idarə edilməsi” mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılar zamanın idarə edilməsinə təsir edən daxili və xarici amillərlə tanış olub, gündəlik iş prosesində diqqətin yayınmasına və vaxt itkisinə səbəb olan faktorları müəyyənləşdiriblər. Diqqətin idarə olunması və çoxtapşırıqlılığın iş prosesinə təsiri izah edilib.
İştirakçılar xüsusi eksperiment vasitəsilə tapşırıqlar arasında tez-tez keçidin vaxt və səhvlərin sayına necə təsir etdiyini praktik olaraq müşahidə ediblər. Daha sonra planlaşdırma səhvi və Parkinson qanunu barədə məlumat verilib.İştirakçılar tapşırığın icra müddətini əvvəlcədən proqnozlaşdıraraq real nəticə ilə müqayisə ediblər. Təlimdə həmçinin prioritetlərin müəyyənləşdirilməsi prinsipləri təqdim olunub və iştirakçılar öz real iş tapşırıqlarını vaciblik və təcililik meyarlarına əsasən qruplaşdırıblar..
Sonda iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.