6 noyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə şəhid ailələrinin üzvləri – məktəbli şəhid övladları, Vətən müharibəsində döyüşmüş qazilər və Mərkəzin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin çəkdikləri qələbə və zəfər sevinci bədii ifadəsinin əks olunduğu rəsm əsərlərinə baxış keçiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki mühüm əhəmiyyətindən bəhs edib. Sədr Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbənin xalqımızın milli iradəsinin, birliyinin, həmrəyliyinin və Vətənə bağlılığının təcəssümü olduğunu qeyd edib. Bildirib ki, bu Qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnməklə yanaşı, xalqımızın tarixi yaddaşında əbədi yaşayacaq mühüm hadisəyə çevrilib.
M.Abbaszadə Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıb, onların göstərdiyi şücaətin gələcək nəsillər üçün vətənpərvərlik, fədakarlıq və milli məsuliyyət nümunəsi olduğunu bildirib. O, şəhid ailələrinin və qazilərin dövlətin daim diqqət və qayğısı ilə əhatə olunduğunu, onların sosial rifahının və cəmiyyətə inteqrasiyasının təmin edilməsinin mühüm vəzifələrdən biri olduğunu qeyd edib.
Sədr çıxışında Dövlət İmtahan Mərkəzinin şəhid övladlarına və qazilərə dəstəyinin göstərilməsinə xüsusi önəm verdiyini vurğulayıb. Bildirib ki, Mərkəz bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərlə şəhid övladlarının təhsil imkanlarının genişləndirilməsinə, onların bilik və bacarıqlarının inkişafına töhfə verməyə çalışır. Bu çərçivədə şəhid övladlarına buraxılış və qəbul imtahanlarına hazırlaşmaları üçün test topluları, qiymətləndirmə tapşırıqları və digər tədris vəsaitləri təqdim olunur, kiçikyaşlı şəhid övladlarına isə yaş xüsusiyyətləri və maraqları nəzərə alınmaqla kitablar və müxtəlif maarifləndirici vəsaitlər hədiyyə edilir. Sədr bu ilin iyununda ölkə üzrə 1300-dən artıq şəhid övladı üçün yaşlarına uyğun 3500-ə yaxın kitab ayrıldığını, bu gün isə 9, 10 və 11-ci siniflərdə oxuyan 35 şagirdə imtahana hazırlıq üçün vəsaitlərimizi təqdim edəcəyimizi bildirib. M.Abbaszadə həmçinin qazilərin təhsil imkanlarının genişləndirilməsi, onların ali və ya orta ixtisas təhsili almaq və biliklərini artırmaq imkanlarından yararlanması istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirdə çıxış edən şəhid Şəhriyar Quliyevin həyat yoldaşı Pərvin Quliyeva Zəfər Gününün şəhid ailələri üçün mənəvi əhəmiyyətindən bəhs edib. O, Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin daim yaşadılmasının, onların övladlarının diqqət və qayğı ilə əhatə olunmasının vacibliyini vurğulayaraq, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Vətən müharibəsi qazisi Ramin Şirinov müharibədə iştirakından, Azərbaycanın əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs edib. O, Zəfər Gününün xalqımızın birliyinin, milli iradəsinin və Vətən sevgisinin təntənəsi olduğunu vurğulayaraq, şəhidlərin xatirəsinin yaşadılmasının və qazilərə göstərilən diqqət və qayğının əhəmiyyətini qeyd edib.
Tədbirin bədii hissəsində vətənpərvərlik və zəfər ruhunu əks etdirən musiqi nömrələri təqdim olunub. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Nilay Quluzadə və Lalə Əliyevanın ifasında “Qarabağ şikəstəsi”, 34 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Yasəmən Əhmədovanın ifasında “Vətən yaxşıdır”, Əbdülrəhim Mürşüdovun ifasında “Mənim Azərbaycanım”, Avtandil Şahsuvarov ifasında “Qarabağ” mahnıları səsləndirilib. Proqram 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin xor kapellasının ifasında “Azərbaycan”, “Zəfər” və “Şən Azərbaycan” mahnıları ilə davam edib.
Təqdim olunan musiqi nömrələri tədbir iştirakçılarına bayram əhval-ruhiyyəsi yaşadıb.
Zəfərin mübarək, Azərbaycan!