“Young Learners” imtahanı DİM və Həmkarlar ittifaqının birgə təşəbbüsü ilə DİM-in əməkdaşlarının övladları üçün keçirilmişdir. Tədbirdə 17 nəfər azyaşlı və onların valideynləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DİM-in Strateji inkişaf şöbəsinin baş məsləhətçisi və Kembric imtahanları üzrə kordinator Elnarə Tağıyeva imtahanda iştirak etmiş azyaşlıları təbrik edərək onlara sertifikatları təqdim edib.
Daha sonra DİM-in Strateji inkişaf şöbəsinin müdiri və Kembric imtahan meneceri Vəli Hüseyn “Young Learners” imtahanlarının faydalılığını, erkən yaşlardan imtahanlarda iştirakın vacibliyini vurğulayıb və nəticələrin növbəti səviyyə üzrə imtahanlara hazırlığın başlanğıcı kimi qiymətləndirməyi tövsiyə edib. Eyni zamanda imtahanda iştirak etmiş azyaşlılar imtahanla bağlı öz təəssüratlarını bölüşüblər. Tədbirdə iştirak edən valideynlər belə bir təşəbbüsün irəli sürüldüyünə görə rəhbərliyə öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Young Learners” kvalifikasiya imtahanları azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir uşaq imtahan verdikdən sonra “Cambridge University Press and Assessment” qurumu tərəfindən dünya miqyasında tanınan sertifikat əldə edir ki, bu da öz növbəsində növbəti sertifikatların əldə olunmasını asanlaşdırır.
Xatırladaq ki, DİM “Cambridge Assessment English”in rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Assessment (Cambridge İngilis dili üzrə Qiymətləndirmə)”, “Cambridge English Teaching (Cambridge İngilis dili üzrə Tədris)” və “LinguaSkill” imtahanlarını da təklif edir. Kembric İngilis dili Kvalifikasiyaları üzrə imtahanlar barəsində ətraflı məlumatı verilmiş keçiddən əldə edə bilərsiniz.