30 sentyabr – 4 oktyabr 2024-cü il tarixlərində Almaniyanın Bonn şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Dövlət İdarəçilik İslahatları üzrə Regional Fondu tərəfindən “Kouçinq Təlimi: Təlimçilərin Təlimi və Təqdimatı” adlı təlim keçirilib.
Müxtəlif ölkələrin qurumlarından peşəkar inkişaf vasitəsi kimi kouçinqin tətbiqinə dəstək verən və dövlət qulluqçularının təliminə cavabdeh olan məsul şəxslərin cəlb olunduğu təlimdə Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov və Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov iştirak ediblər.
Sözügedən təlim bir neçə moduldan ibarət olan, onlayn və əyani keçirilən silsilə tədbirləri özündə birləşdirib. Təlimin məqsədi Şərq Tərəfdaşlığı ölkələrinin ictimai institutlarında effektiv şəxsi inkişaf vasitəsi kimi kouçinqin tətbiqi, regionda təlimçilər arasında şəbəkələşmənin təşviqi və kouçinq sertifikatı almaqda iştirakçılara dəstək olmaqdır.