Dövlət İmtahan Mərkəzinin (DİM) 4 əməkdaşı ETS Global təşkilatının Türkiyə ofisi tərəfindən 2021-ci il 18-20 avqust tarixlərində təşkil olunan “The Propell® Workshop for Teachers” adlı onlayn praktiki təlimdə iştirak edib.
“The Propell® Workshop for Teachers” ingilis dilli müəllimləri üçün dilin tədrisi zamanı yaranan çətinliklərin öhdəsindən gəlmələri üçün hazırlanmış peşəkar inkişaf proqramıdır. Bu təlimin əsas məqsədi inteqrasiya olunmuş bacarıqlardan istifadə edərək müəllimləri dil öyrətmək üçün faydalı təlim metodları və strategiyaları ilə tanış etməkdir.
Təlim ərzində TOEFL iBT-nin Oxu, Dinləmə, Danışıq və Yazı bölmələrindən nümunələr istifadə edilib və iştirakçılar TOEFL iBT® imtahanında qiymətləndirilən hər dörd bacarıq üzrə fəaliyyət və materiallar, eyni zamanda qiymətləndirmə rubrikaları barədə məlumatlandırılıblar.
Təlimin spikeri Yasemin Arşın 2016-cı ildən etibarən ETS Global təşkilatının İstanbul ofisində akademik əlaqələr və ELT koordinatoru vəzifəsində çalışır. O, bu fəaliyyətindən öncə Ankarada 10 il müddətində müxtəlif təhsil müəssisələrində akademik ingilis dilinin tədrisi ilə məşğul olub.
Xatırladaq ki, DİM ETS Global qurumu ilə əməkdaşlıq çərçivəsində Yasemin Arşın ilə TOEFL iBT® və GRE® imtahanlarına dair bir sıra onlayn tədbirlər həyata keçirib. Həmçinin, DİM 2016-cı ildən etibarən ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) rəsmi test mərkəzi olaraq TOEFL iBT® imtahanlarını təşkil edir.
Qeyd edək ki, DİM-də növbəti TOEFL iBT imtahanının 28 avqust tarixində keçirilməsi nəzərdə tutulub.