18 sentyabr 2026-cı il tarixində Xankəndi şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin “İnsan resursları rəqəmsallaşma və süni intellekt dövründə: inkişaf, perspektivlər və çağırışlar” mövzusunda V Görüşü keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd rəqəmsal transformasiya və süni intellektin insan resurslarının inkişafına təsiri, insan resurslarının idarə edilməsində yeni yanaşmalar, müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılması, eləcə də TDT-yə üzv dövlətlər arasında bu istiqamətdə təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinin müzakirəsi olub.
Tədbir Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin açılış nitqi ilə başlayıb. M.Abbaszadə qonaqları salamlayaraq bugünkü müzakirələrin müasir çağırışlara cavab verən innovativ və ədalətli idarəçilik naminə yeni imkanlar açacağı, TDT-yə üzv ölkələr arasında uzunmüddətli tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirəcəyinə inamını ifadə edib.
Daha sonra TDT Katibliyi, Baş katibin müavini Nuru Quliyev və Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov açılış nitqi ilə çıxış ediblər. Nuru Quliyev çıxışında dövlət qulluqçularının rəqəmsal bacarıqlarının gücləndirilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ardınca iştirakçıların çıxışları dinlənilib. DİM-in İdarə Heyətinin sədri M.Abbaszadə çıxışında (tam mətnlə buradan tanış olun) rəqəmsallaşma və süni intellekt dövründə dövlət qulluğunda insan resurslarının idarə edilməsinin əsas istiqamətlərinə toxunub. O, süni intellektin məlumatların emalı, analitika və kadr proseslərinin səmərəliliyinin artırılması baxımından geniş imkanlar yaratdığını qeyd etməklə yanaşı, yekun qərarların qəbulunda insan məsuliyyətinin və nəzarətinin qorunmasının vacibliyini vurğulayıb. M.Abbaszadə Azərbaycanda dövlət qulluğuna qəbul və kadr idarəçiliyi proseslərinin rəqəmsallaşdırılması, Dövlət Qulluqçularının Vahid Reyestrinin və vahid rəqəmsal kadr ekosisteminin fəaliyyət göstərməsi barədə məlumat verib. O, növbəti strateji istiqamət kimi dövlət qulluğunda kompetensiya əsaslı modelə tam keçidin əhəmiyyətini qeyd edib. Çıxışda türk dövlətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün kadr proseslərində şəffaflıq və təhlükəsizlik standartlarının müəyyənləşdirilməsi, “insan nəzarəti” prinsipinin tətbiqi, ortaq kompetensiya modelinin formalaşdırılması, dövlət qulluqçularının yeni nəsil bacarıqlar üzrə birgə hazırlanması və təcrübə mübadiləsindən birgə normativ təşəbbüslərə keçid olmaqla beş prioritet istiqamət irəli sürülüb. Bu çərçivədə “Dövlət qulluğuna məsuliyyətli rəqəmsal seçim və idarəetmə üzrə Qarabağ Çərçivə Sənədi”nin (“Qarabağ Prinsipləri”) hazırlanması təklif olunub.
Türkiyə Respublikası, Özbəkistan Respublikası, Qırğız Respublikası, Qazaxıstan Respublikası, Şimali Kipr Türk Respublikası və Türkmənistanın aidiyyəti dövlət qurumları və Dövlət Qulluğu üzrə Akademiyaların nümayəndələri çıxışlarında irəli sürülən təklifləri müsbət qarşılayaraq, rəqəmsallaşma və süni intellektdən dövlət qulluğunda məsuliyyətli və insanmərkəzli istifadənin vacibliyini vurğulayıblar. Onlar kadr proseslərində şəffaflığın və meritokratiya prinsiplərinin gücləndirilməsi, insan nəzarətinin qorunması, ortaq kompetensiya yanaşmalarının inkişaf etdirilməsi və dövlət qulluqçularının yeni nəsil bacarıqlar üzrə hazırlanması istiqamətində əməkdaşlığın genişləndirilməsini dəstəklədiklərini bildiriblər. Nümayəndələr həmçinin təcrübə mübadiləsinin konkret birgə təşəbbüslərlə tamamlanmasının və dövlət qulluğunda məsuliyyətli rəqəmsal seçim və idarəetmə üzrə ortaq çərçivənin formalaşdırılmasının Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında praktik əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd ediblər.
Çıxışlarda həmçinin dövlət qulluqçularının peşəkar inkişafı, rəqəmsal bacarıqlarının artırılması, etik prinsiplərin qorunması və texnoloji dəyişikliklərə institusional hazırlıq məsələləri diqqət mərkəzində olub.
Tədbir iki tərəfli görüşlərlə davam etdirilib.
Tədbirdən sonra qonaqlar üçün mədəni tur təşkil olunacaq.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Sədrliyi hazırda Azərbaycan Respublikası həyata keçirir.