2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları ilə (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış ola bilərsiniz.
1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):
2. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):
3. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):
4. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):
Qeyd 1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.
Qeyd 2. Əvvəlcədən məlumat verildiyi kimi, tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən dinləyib-anlama bacarıqlarını yoxlamaq məqsədilə 1 mətndən (publisistik və ya dialoq formalı) və ona aid 4 tapşırıqdan, oxuyub-anlama üzrə bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsi məqsədilə 2 mətndən və hər mətnə aid 4 tapşırıqdan istifadə ediləcək. Qrammatika və leksika üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə 13 qapalı tipli tapşırıqdan istifadə olunacaq.
Yazı bacarıqlarının yoxlanılması məqsədilə verilmiş sual və ya fikir əsasında faktlar və mülahizələr irəli sürərək öz fikirlərini ifadə etməyi tələb edən yazılı tapşırıq tətbiq ediləcək.
Qeyd 3. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında tədris dili (Azərbaycan dili, rus dili) və riyaziyyat fənlərindən 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.
Qeyd 4. Ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili) imtahanında 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.
Qeyd 5. Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində istifadədə olan “Azərbaycan dili” dərsliyindən çıxarılmış, lakin vacibliyi nəzərə alınaraq proqramda saxlanılmış feilin şəkilləri (xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli) mövzusu ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
Qeyd 6. Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrində Azərbaycan dili fənnindən 7-ci siniflərdə yeni dərslik istifadəyə verilmişdir. Bu dərslik məzmun və terminlərin işlənməsi baxımından əvvəlki nəşrdən tamamilə fərqlidir. Proqramlarda bu dərsliyin materialları nəzərə alınmayıb, çünki hazırda 9 və 11-ci sinifdə təhsilalanlar həmin dərsliyi keçməyiblər. Ona görə də həmin dərslik ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliyin əvvəlki nəşrinə istinad ediləcək. Həmin materiallarla aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
Qeyd 7. Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklər göstərilmişdir. Ötən illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməmişdir. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlarla isə orta məktəbdə öyrənilənlərin təkrarı üçün istifadə edilə bilər.
Qeyd 8. Hər iki təhsil səviyyəsi üzrə təqdim edilmiş proqramlar, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri və cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.